Bizi Umudsuz qoyma

Bizi Umudsuz qoyma
О книге

Kitabda müasir Azərbaycan yazıçısı, Azərbaycan yazıçılar birliyinin üzvü "Xəzan" ədəbi jurnalının baş redaktoru Əli Bəy Azərinin hekayələri verilmişdir. Müəllif bu hekayələrdə müxtəlif mövzulara toxunur, fərqli yanaşmalar edir, bununla yanaşı, əksər hekayəsində, sevgini, məhəbbəti, vətəndaşlıq borcunu ön sıraya qoyur. Eləcə də, bu gün cəmiyyətdə kökünü kəsmək mümkün olmayan şarlatanlıq, dələduzluq, yalançılıq kimi sosial xəstəliklər ifşa olunur, tənqid atəşinə tutulur. Kitabda satirik hekayələrə də yer verilib.

Книга издана в 2023 году.

Читать Bizi Umudsuz qoyma онлайн беплатно


Шрифт
Интервал

Bizi ümidsiz qoyma

“Heç kimi qınama, dünya işinin həmişə dəyişkən və çevrilən olduğunu nəzərə al”. Nəsirəddin Tusi

Gecənin bir aləmində qəfildən yuxudan ayıldı – hər tərəf zülmət qaranlıq idi. Başını pəncərəyə sarı çevirdi. Yaxşı ki, göydə ulduzlar sayrışırdı, onların hənirtisini canında hiss etdi, yoxsa Umudun bağrı partlayacaqdı. Qaranlığa allergiyası olan adamlar kimi havası çatmırdı, dərindən nəfəs alıb köks ötürdü.

Çarpayısının yanında döşəmənin üstünə qoyduğu telefonunu götürüb saata baxmaq, vaxtı müəyyənləşdirmək istədi. Tez də fikrindən daşındı. “Ehh, indi vaxtın nə fərqi var?! Təxmini bilirəm ki, hələ gecədir, səhərin açılmasına çox var. Bir də tutaq ki, telefonda baxıb vaxtı müəyyənləşdirdim, saatın dörd, beş, ya altının yarısı olduğunu öyrəndim. Bəs sonra? Bunun nə mənası olacaq? Gedib dəhnə bağlamayacam ki, bostan suvaram. Yer belləməyəcəm ki, əkin əkəm. Ot biçmiyəcəm, naxır otarmıyacam… Mənimki… elə bu çarpayıdı ki, uzadıblar.., uzanmışam…”

Çarpayısı pərdəsiz pəncərənin qənşərindəydi deyə hər zaman çölə baxa bilirdi. İndi də gözlərini bir neçə dəfə döyəcləyib yenə də çölə baxdı, havadan elə bil zəhrimar yağırdı, səmada təkəmseyrək sayrışan ulduzlar da bu qarmaqarışıqlıqdan bezmiş kimi gah itib-batır, gah da gözə dəyirdilər. Çox güman ki, hələ sabahın açılmasına xeyli vaxt vardı.

Bu gecə yuxusunu yaman qarışdırmışdı Umud. Ömründə bircə dəfə – o izdihamlı ayrılıq günündə gördüyü komandirləri girmişdi yuxusuna. Adı necəydi onun, hə, yadına düşdü Cahangir, elə özüydü ki, vardı cahangir Cahangir Əliyev, polkovnik ulduzları ona necə də yaraşırdı, əsl sərkərdə kimi görsənirdi.

Umid bu gecə yuxuda görmüşdü ki, yamaclardan, gədiklərdən keçən bir yolla hardansa gəlir. Əlli-altmış qoyun-quzunu da qatıb qabağına. Beş dolu qucaq palıd qırması yüklənmiş boz eşşək də qabaqda qırğı kimi gedir. Umudun da əlində dəhrə var. Onun özünə də maraqlıydı, niyə dəhrə? Niyə çomaq yox, silah yox, dəhrə? Eşşəyi yükləyəndən sonra həmişə dəhrəni, baltanı, orağı yükün bir yerinə taxardı, əlində heç nə saxlamazdı, eləcə qollarını yelləyə-yelləyə eşşəyin arxasına düşüb gedərdi.

Fikirləşə-fikirləşə bir az getmişdi ki, birdən gözü qabaqda qırğı kimi gedən boz eşşəyə sataşdı. Eşşəyin yükü yaman əyilmişdi, az qalırdı yerə çatsın. Yük azca da əyilsəydi palıd qırmalarının ucu yolun üst badındakı yarğana ilişəcəkdi. Yarğana ilişən kimi yük eşşəyi aşıracaqdı.

Yol deyəndə də adamın ağzı ağrıyır, səmtsiz bir çəhlim idi, sərt yamacın döşü ilə gedib, gədiyin başına dolanırdı. Şiv palıd qırmaları yarğana ilişən kimi boz eşşək elə yük qarışıq yumalanıb düşəcəkdi dərənin dibinə. Onda da ya qismət… eşşək ya sağ qala, ya şikəst ola… Yamacdakı kəsilmiş ağacların çəkilləri qarnını yırtmasaydı, belindəki nizə kimi palıd qırmalarından biri ilişib ya gözünü tökəcəkdi, ya da qarnını yırtacaqdı. Şikəst eşşək də Umudun nəyinə gərəkdi…

Umud tez özünü yetirdi eşşəyə. Axı eşşək hardan bilərdi ki, Umud nə düşünür. Eşşək bunları anlamırdı, heç anlaya da bilməzdi. Yükü az qala yernən sürünsə də gedirdi. “Hoqquş, hoqquş” deyib eşşəyi dayandırdı. Yükün əyən tərəfini qaldırdı ki, düzəlsin. Bu xeyli vaxt apardı, çünki örkən də boşalmışdı. Umud yavaş-yavaş örkəni də çəkib bərkitdi. Yük qarışıq örkəni çəkib bərkitmək asan iş deyildi, xeyli vaxt apardı. Başı yükü düzəltməyə necə qarışdısa, bir də baxdı ki, heyvanlar gözdən itib. Eşşəyi döyəcləyib yola düzəldi ki, gedib heyvanlara çatsınlar. Bir xeyli getmişdilər ki, gədiyin dolanbac aşırımında örkənin eşşəyin qarnının altından keçib belindəki palanı bərk saxlayan çatısı qırıldı və yük palanqarışıq belindən sivişib quyruğunun üstündən yerə düşdü. Yükün altından çıxan eşşək ilan ağzından qurtarıb gölə tullanan qurbağa kimi götürüldü, qaçdı və bir anın içində dağın arxasına keçib görünməz oldu. Umud baxdı ki, əlindəki dəhrə də yoxa çıxıb. Heyvanların itməsi, eşşəyin yükü salıb qaçması, bu yandan da dəhrənin müəmmalı şəkildə yoxa çıxması Umudu bərk üzdü. Məyus-məyus əyilib aşağılara baxdı ki, görsün heyvanlar su içmək üçün dərəyə tökülməyiblər…

Dərənin qırağında qamışdan bir çavıstan vardı. Qapısının ağzında yekəpər pəhləvana oxşar biri oturub çay içirdi. Umud baxan kimi onu tanıdı – Haramı döyüşləri zamanı briqadaya komandirlik etmiş Cahangir idi. O da Umudu tanımışdı, əli ilə işarə elədi ki, düş gəl aşağı. Tay demədi, gəl çay iç. Umud kimiydi ki, onun yanında, adi bir döyüşçü. Umud kimi döyüşçülərdən polkovnikin tabeçiliyndə minlərlə idi.

vaxtlar olduğu kimi qaça-qaça gəldi komandirinin çağırışına. Nəsə demək istəsə də səsi çıxmadı. Polkovnik də heç nə demədi, eləcə əli ilə oturmaq işarəsi verdi. Umud dəyirmi masanın ətrafına qoyulmuş kötüklərdən birinin üstündə oturdu. Polkovnik nəlbəkidəki çayını içib qurtardı. Nazik stəkanın yarısından olan qıpqırmızı çayı da nəlbəkiyə tökdü, qurtaqurtla onu da çəkdi başına.

–Kim nə deyir-desin, nəlbəki çaya dad verir. – dedi.

Sonra çəkmələrini geyib ağır-ağır ayağa qalxdı. Umuda dedi ki, dur gedək.

Umud durub polkovnikin arxasınga getmək istəyəndə baxdı ki, ayaqyalındı. Bunu polkovnik də gördü. Polkovnik geri dönən kimi elə bil Umudun dili açıldı.



Вам будет интересно